Azərbaycanın birinci xanımı yanğında xəsarət alan vətəndaşlara xəstəxanada baş çəkib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gedərək paytaxtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.
Heydər Əliyev Fondundan APA-ya bildirilib ki, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verib.
Mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-ə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.
Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib, bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı deyib ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.
Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.