ABŞ-ın Azərbaycandakı səfiri Qubada olub
“Amerika Birləşmiş Ştatları Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir. Hazırda da bu istiqamətdə səylərimizi davam etdiririk”.
APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərin suallarını cavablandıran ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta məlumat verib.
Onun sözlərinə görə, həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıqlar aparırlar ki, bu il hər iki ölkənin prezidentlərinin görüşlərini təşkil etsinlər: “Bir məsələ yaddan çıxmamalıdır ki, həmsədrlərin təklif edilən ideyalara əsasən hər iki ölkənin prezidenti o ideyalardan çıxış edərək, uzun müddət həllini gözləyən münaqişənin dinc həlli istiqamətində iradə nümayiş etdirməli və addım atmalıdırlar”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Quba rayonuna səfər edib. Səfir rayonunun Qam-Qam kəndində Cağacuq çayı üzərində inşa olunan dörd yol keçidinin açılış mərasiminə qatılıb. Yol keçidlərinin tikintisi ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib. Sonra səfir Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olub. Diplomata Azərbaycanda hər iki xalqın birgə sülh və dostluq şəraitində yaşadığı barədə məlumat verilib. O, burada yəhudi icması ilə azərbaycanlı icmasının birgə mehriban yaşayışının şahidi olduğunu bildirib.
Diplomat həmçinin Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edib. Səfirə ermənilərin bu ərazidə azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumat verilib. Roobert Sekuta muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.
Daha sonra o, Quba Qadın və Ailə Sahibkarlığına Kömək Mərkəzində olub.