Prezident: "Heç kəs cəzasız qalmayacaq, ədalət bərpa olunacaq"
"Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd edirəm ki, heç kəs cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa olunacaq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının bu gün keçirilən iclası zamanı bildirib.
Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barəsində cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident, ilkin ehtimala görə, binanın yanmasına səbəb kimi binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsi olduğunu bildirib: "Onu da qeyd edim ki, hazırda Bakı şəhərində oxşar üzlük materialları ilə üzlənmiş binalar kifayət qədər çoxdur. Bəzi məlumatlara görə, 200-dən çoxdur. Artıq mən Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə dünəndən göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin. Həmin materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı bir təhlükə varsa, tezliklə bu üzlük materialları çıxarılsın, sökülsün və beləliklə heç bir təhlükə olmasın. Ancaq qeyd etməliyəm ki bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi.
Mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar, ya da günahkarlar kimdir, bu hadisəyə görə kim məsuliyyət daşıyacaq".
Sonda prezident İlham Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib.