Binəqədinin icra başçısı: "Kimə kirayə pulu lazımdırsa, verilir"

 

“Yanğın baş verən binanın sakinləri mənzillərinə baxmaq, oradan əşyalarını çıxarmaq istəsə, bu gün onlara şərait yaradılacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

 

O bildirib ki, sakinlərə siyahı əsasında öz evlərindən əşyalarını çıxarmağa şərait yaradılacaq. Yanmış binanın sakinləri dövlət tərəfindən ayrılan mənzillərdə qalmaq istəməsələr, onlara yaşamaq istədikləri evin kirayə haqqı ödəniləcək.

 

"Sakinlər üçün ayrılan yerlər Goradildə, Bilgəhdə və bir neçə başqa ərazidədir. Amma sakinlərin əksəriyyəti uzaq olduğu üçün getmək istəmir. Baxmayaraq ki, onlara nəqliyyat da ayrılmışdı. Buna baxmayaraq, harada kirayə qalacaqlarsa, pulu verilir. Nə qədər ziyan dəyirsə, ödənilir. Bu dəqiqə komissiya işləyir. Kimə kirayə pulu lazımdırsa, verilir".

 

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli  yaşayış   binasında  yanğın baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb. 

Müəllif | Apa.Tv
Apa.tv