İŞİD Palmira şəhərini ələ keçirdi - VİDEO
İŞİD terrorçuları Suriyanın qədim Palmira şəhərini tam nəzarətə götürüblər. Suriya ordusu mayın 20-də şəhəri tərk etmək məcburiyyətində qalıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Suriya ordusu şəhərətrafı müdafiə mövqelərinə çəkilərək, Homs və paytaxt Dəməşq istiqamətindəki yolları nəzarətdə saxlayır. Ölkənin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə zərbələr endirir.
Bundan əvvəl, Palmiradan dinc sakinlər təxliyyə edilib, ən qiymətli heykəl və barelyeflər şəhərdən çıxarılıb.
Qeyd edək ki, Palmira UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir. "Çölün gəlini" olaraq tanınan Palmira Suriyanın paytaxtı Dəməşqin şimalında yerləşir. Antik tikililərlə zəngin olan şəhər Roma İmperiyası dövründə İran, Hindistan və Çini biri-biri ilə əlaqələndirən coğrafi və iqtisadi mərkəz sayılırdı. Bu tarixi şəhəri terrorçular hər an məhv edə bilər.