Polis əməkdaşı: “Yanan binadan üç nəfəri çıxardım, dördüncünü çıxaranda huşumu itirdim”
Mayın 19-da Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın zamanı əraziyə xilasedicilər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin xeyli sayda əməkdaşları cəlb olunub. Səhiyyə Nazirliyi əraziyə 30-dan çox briqada göndərib. Qısa zaman ərzində tamamilə yanan binada vətəndaşlarla kömək göstərmək məqsədilə hər kəs səfərbər edilib.
Hadisə yerinə ilk gələnlərdən biri də Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı Şahin Qocayev olub.
"İdarədən məlumat gəldi ki, binada yanğın baş verib. Dərhal yaxınlaşdıq, gördük bina alışır. Tez əleyhqazı geyinib binaya daxil oldum. Üç nəfəri xilas etdim. Dördüncünü xilas edərkən huşumu itirmişəm. Özümdə olmamışam".
Şahin Qocayev ikinci mərtəbədən başlayaraq qarşısına çıxan şəxsləri aşağıya düşürüb, sonra yenidən əraziyə qayıdıb. Dördüncü şəxsi xilas etmək istəyib, lakin...
"Biri yaşlı kişi idi, ikisi orta yaşlı, axırıncı tələbə idi. Dördüncü şəxsi xilas etmək istəyərkən huşumu itirdim, onunla birlikdə xəstəxanaya çatdırıldım".
Əvvəlcə 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılan Şahin artıq Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib. İki il yarımdır daxili işlər orqanlarında çalışan Şahin ixtisasca tarixçidir. Hazırda Polis Akademiyanın 3-cü kursunda təhsil alan Qocayev deyir ki, bu yanğın fəaliyyəti dövründə indiyədək üzləşdiyi ən dəhşətli hadisə idi. Sosial şəbəkədə onu qəhrəman adlandıranlara təşəkkür edən Şahin, sadəcə, vəzifə borclarını yerinə yetirdiklərini deyir.
"Əlimizdən nə gəldisə etdik, bacardığımızı elədik. Bacardığımız qədər bir polis kimi vəzifəmizi yerinə yetirdik. Ölənlərə Allah rəhmət eləsin. Rəhbərlik də sağ olsun, yüksək səviyyədə bizimlə maraqlanır, daim özləri nəzarət edirlər".
Tezliklə iş başına qayıdacağını deyən Şahin Qocayev artıq özünü yaxşı hiss edir.