İngiltərədə teleaparıcılar həbs edildi: onlar pedofillikdə təqsirləndirilir
İngiltərə polisi ölkədə azyaşlılara qarşı seksual təcavüz hallarının artdığını bəyan edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ölkədə bu fakt rekord həddə çatıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan minlərlə vətəndaşdan 1400 nəfər cəmiyyət üçün xüsusi ilə təhlükəli sayılır. Onların arasında siyasətçilər və televiziya aparıcıları da var.
Ölkənin Uşaq Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Saymon Beyli məsələyə münasibət bildirib. "Həbslər bu adamların toruna düşmüş şəxslərə şərait yaradır ki, onlar məruz qaldıqları təcavüzlər barədə daha geniş məlumat versinlər. Onlar səmimi olsalar biz belə yaramazların kökünü kəsə bilərik. Əvvəllər belə deyildi, biz belə biabırçı hallara əvvəlki kimi sərt reaksiya vermirik" - deyə o bildirib.
Xatırladaq ki, ötən il Britaniyada artıq dünyasını dəyişmiş məşhur teleaparıcı Cimmi Sevil də pedofillikdə təqsirləndirilirdi. Səhiyyə ilə bağlı verilişlər hazırlayan jurnalist azyaşlılara xəstəxanalarda əvvəlcədən təşkil etdiyi palatalarda təcavüz edirmiş.
Təcavüz qurbanlarından biri Qrem Uilmer də həbslərə münasibət bildirib. "Saxlanılan 1400 nəfər aysberqin görünən tərəfidir. Mənim çalışdığım təşkilat təcavüzə məruz qalan yüzlərlə insanla əlaqədədir. Biz polisin belə əməliyyatlarını dəstəkləyirik" - deyə o qeyd edib.
Xatırladaq ki, ötən il İngiltərədə məşhur şoumen Rolf Harris azyaşlılara qarşı təcavüzdə təqsirləndirilərək 5 il müddətinə azadlıqda məhrum edilib. Məhkəmə onun 20 il ərzində pedofilliklə məşğul olduğunu sübuta yetirib.