Bakıda sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə seminar keçirilir

Bakıda mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə seminar keçirilir.

 

APA TV-nin xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, seminar onun rəhbərliyi etdiyi qurum və Avropa İttifaqının Bakı ofisi ilə birgə təşkil olunub.

 

Onun sözlərinə görə, seminarın məqsədi Azərbaycan gömrük xidmətində çalışan əməkdaşlara I Avropa Oyunları ilə bağlı müəyyən məlumatların verilməsidir, o cümlədən müəyyən təcrübənin keçirilməsidir: "Oyunlarla bağlı istər yüklərin, istərsə də sərnişinlərin artımı kütləvi dərəcədə gözlənilir və bu iş başlanılıb. Bununla bağlı burada bir çox spesifik məsələlər var. Müxtəlif idman növləri üzrə silahların, müxtəlif tibbi preparatların gətirilməsi, sərnişinlərə lazım olan şəraitin yaradılması və yüklərin tez rəsmiləşdirilməsidir".

 

Bu məqsədlə Avropa İttifaqının Bakı ofisinin təşəbbüsü və maliyyə dəstəyi ilə seminara Avstriyadan iki mütəxəssis dəvət olunub. Həmin mütəxəssislər Avropa Oyunları ilə bağlı gömrükçülərə təlimlər keçəcək. Komitə sədri qeyd edib ki, xarici dilləri bilən gömrükçülər Avropa Oyunları ilə əlaqədar sərhədlərə cəlb olunacaq: "Oyunlarla bağlı biz bütün sərhədlərdə öz mütəxəssislərimizin iştirakı ilə seminarlar keçmişik. Sərnişinlərin gəlməsi, əl yüklərinin və baqajların buraxılması ilə bağlı məlumat kitabçaları buraxmışıq. Bütün sərhədlər, eyni zamanda təşkilat komitələri bu kitablarla təmin olunub".

 

Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Mard deyib ki oyunların uğurla başa çatması üçün Dövlət Gömrük Komitəsi ilə birlikdə əməkdaşlıq edirlər.

 

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndəsi bildirib ki, Oyunlar ərəfəsində konteynerlər, hava yolu vasitəsilə ABŞ və Avropa ölkələrindən xeyli sayda cihazlar gətiriləcək. Yüklərin tez bir zamanda rəsmiləşdirilməsi üçün Dövlət Gömrük Komitəsi və BEGOC mühüm işlər görüb.

Müəllif | Apa.Tv