Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" üzrə Riqa sammiti başlayır
Bu gün Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı üzrə Riqa sammiti başlayır. APA TV-nin Riqaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, sammitlə əlaqədar Latviya paytaxtında yüksək təhlükəsizlik tədbirləri görülüb, yollar bağlanıb, şəhərdə tıxaclar yaranıb.
Sammitin keçiriləcəyi Milli Kitabxana binasına aparan bütün yollarda postlar qurulub, yalnız xüsusi avtomobillər binanın yerləşdiyi əraziyə buraxılır. Riqa hava limanında da təhlükəsizlik tədbirləri görülüb.
Sammit iştirakçılarının gün ərzində Riqaya gələcəyi gözlənilir. Axşam saatlarında zirvə toplantısının qeyri-rəsmi açılışı keçiriləcək, iştirakçıların şərəfinə ziyafət veriləcək.
Sammit başlamadan iştirakçı ölkələr arasında fikir ayrılıqları müşahidə olunur. Belarus və Ermənistan "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib. Onlar sənəddə Krımın işğal edildiyi barədə müddəa ilə razılaşmırlar. Son məlumata görə, Minsk və İrəvanın etirazlarından sonra bəyannamənin mətnində dəyişiklik ediləcək. Hazırda bəyanatın güzəştli variantı üzərində iş getdiyi bildirilir.
Hansı ölkələrin sammitdə liderlər səviyyəsində təmsil olunacağı hələlik dəqiq məlum deyil. Qeyd edək ki, Azərbaycanı zirvə toplantısında xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil edəcək.