Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi başladı
Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribütorları və təchizatçıları iştirak edir.
Mayın 23-nə kimi davam edəcək sərgidə 33 ölkədən 151 şirkət iştirak edir. Onlar öz ölkələrinin milli məhsullarını nümayiş etdirirlər.
Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak edirlər. Sərginin ənənəvi bölmələrində balıq, mal (qoyun) quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunub.
Sərgidə keçi südü və keçi südündən hazırlanmış məhsullar da nümayiş etdirilir. Sərgi iştirakçısı olan xanım deyir ki, keçi südü ana südünə yaxın ən birinci süddür: "Keçi təsərrüfatı Azərbaycanda ilk təsərrüfatdır ki, tam konservatsız məhsullar istehsal edir. İstər keçi pendiri olsun, istər keçi südü olsun - qatqı maddəsi olmadığı üçün bizim südlərimiz günlükdür. Motal pendirimiz var ki, digər motal pendirlərdən fərqli olaraq, biz bunun içərisinə tükün keçməməsinə önəm veririk. Bəziləri bunu almağa çəkinir. Biz keçi şoru, qaymağı istehsalına da başlayacağıq. İnşallah, satışa qısa müddətdə çıxacaq. Gələnlər maraqlanır, soruşur, ən çox da diqqəti cəlb edən tərkibinin tam təmiz olmasıdır".
Eyni zamanda sərgi ekspozisiyasının 26 faizini təşkil edən yerli istehsalçı və distribütorlar da böyük fəallıq göstərir.
"Künefe Evi" sərgidə türk və Azərbaycan şirniyyatlarını nümayiş etdirir: "Gördüyünüz kimi, marağa səbəb olub, yaxınlaşıb "Künefe"nin dadına baxırlar. Sərgidə hər şey pulsuzdur, gəlib dadına baxsınlar. "Künefe Evi" Tarqovıda, Azərbaycan kinoteatrının yanında yerləşir, bir də "Elmlər Akademiyası" metrosu yaxınlığında bizim filialımız var. Bizim "Künefe" bütün künefelərdən fərqlənir. Restoranımızda çeşidlər daha çoxdur. Bir tək şirniyyat deyil, Azərbaycan və türk yeməkləri də verilir".
Sərgidə həmçinin Azərbaycan şərabçıları ilk dəfə olaraq müştərək stendlə çıxış edir. Bu stenddə Azərbaycanın 9 şərab zavodunun ən yaxşı məhsulları təqdim olunur. Bundan başqa, çörəkxanalar üçün qurğular və qablaşdırma avadanlıqları da nümayiş edilir.
Sərginin açıq ekspozisiya zalında ilk dəfə olaraq heyvanlar da nümayiş olunur. Gördüyünüz bu cins kəl Ukraynadan gətirilib. Diri çəkisi 1 tondur. 500 kq əti var. Azərbaycanda yetişdirilir.
Sərgidə ABŞ istehsalı olan yeni suvarma sistemi də nümayiş olunur. Qeyd edək ki, bu suvarma sistemi məhsuldarlığın artırılması və suya qənaət üçün istehsal olunub.
Qeyd edək ki, sərginin təşkilatçıları “Iteca Caspian” və “ITE Group” şirkətləridir.