Novruz Məmmədov: "Riqada Azərbaycan və Ermənistan heyətlərinin görüşü gözlənilmir"
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının Riqa sammiti çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında təmaslar nəzərdə tutulmur.
APA TV-nin Riqaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu sammitdə Azərbaycanı təmsil edən Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, Azərbaycan prezidenti qrafikinin sıxlığı ilə əlaqədar Riqa sammitində iştirak edə bilməyəcək. Novruz Məmmədov prezidentin sammitə qatılmamasının son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiya olub-olmaması ilə bağlı sualı da cavablandırıb: "Dünya demokratikdir. Müəyyən hadisə haqqında hamı istədiyi şərhi verir. Ona görə də müxtəlif şərhlər ola bilər".
Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, eləcə də ölkəmizə qarşı qərəzli kampaniyanın güclənməsinə də münasibət bildirib. O deyib ki, Qərbin müxtəlif dairələri Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirmir: "Hətta Azərbaycana qarşı təşkil və koordinasiya olunmuş kampaniya aparırlar. Azərbaycan tərəfi bunun cavabını verir, bundan sonra da verəcək".
Prezident Administrasiyası rəhbərinin müavini bəyan edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atmaq iqtidarında deyil. Onun sözlərinə görə, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərini daha fəal olmağa çağırır.