"ASAN Xidmət" yanmış binanın sakinlərinə səyyar xidmət göstərəcək

"ASAN Xidmət" yanğın baş verən binanın sakinlərinə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına əsasən Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə "Səyyar ASAN Xidmət" vasitəsi ilə xidmət göstəriləcək.

 

APA TV-nin məlumatına görə, xidmət aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur.

 

"ASAN Xidmət" və digər dövlət qurumları ilə birlikdə biz bu xidmətləri göstərəcəyik. Xidmətin göstərilməsi ilə bağlı vaxt məhdudiyyəti nəzərə alınmayıb. Yəni bütün sakinlərin sənədləri qaydasına gətirilənə kimi səyyar formada xidmətin göstərilməsi davam edəcək. "Səyyar ASAN Xidmət"in iş qrafiki xidmət mərkəzlərinin iş qrafiki ilə tənzimlənəcək. Yəni həftə içi bazar ertəsi-cümə günləri 10:00-dan 20:00-dək, şənbə və bazar günləri 10:00-dan 17:00-dək nahar fasiləsi olmadan həyata keçiriləcək.

 

"Səyyar ASAN Xidmət" vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı,  şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatının alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasında dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər göstərəcək.

 

Xidmətlər mayın 22-dən etibarən, Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv