FHN poliuretan üzlüklə üzlənmiş binaları xüsusi mühafizəyə götürdü

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanğına həssas poliuretan üzlüklə üzlənmiş binaları xüsusi mühafizəyə götürüb.

 

APA TV-nin xəbərinə görə, Binəqədi, Xətai, Nərimanov və Yasamal rayonlarındakı bütün belə binaların qarşısında nazirliyin mühafizə postları qurulub. Bundan əlavə, ilkin olaraq belə üzlüklü binalarda gecə işıqlandırılması dayandırılıb.

 

Qeyd edək ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov göstəriş verib. Ötən gecə də paytaxtın müxtəlif yerlərində poliuretan üzlüklü binalardan üzlüklərin söküntüsü davam etdirilib. Binəqədi rayonunda apardığımız müşahidələr zamanı Azadlıq prospekti boyunca yerləşən binaların üzlüklərinin söküldüyünün şahidi olduq. Ərazidə olarkən məlumat verildi ki, söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyəti həyata keçirir.

 

Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük olduğunu açıqlayıb. O, prezident İlham Əliyevin Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün iki gün vaxt verdiyini nəzərə çatdırıb.

 

Müəllif | Apa.Tv