Bakıda yanan binanın qarşısında anım mərasimi keçirildi
Ötən gecə Bakıda çoxmərtəbəli binada baş verən yanğında həlak olanların xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, anım mərasimi yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında gerçəkləşib.
Aksiyaya çoxlu sayda paytaxt sakini qatılıb. Onlar yanğın baş vermiş binanın qarşında şam yandırıb, gül qoyub, ölənlərin ruhuna dualar oxuyaraq öz ehtiramlarını bildiriblər.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hadisə yerinə gələrək sakinlərlə görüşüb. Hacıbala Abutalıbov zərərçəkmişlərin problemləri ilə gün boyu maraqlandığını bildirib. Onun sözlərinə görə, prezidentin müvafiq tapşırıqlarından sonra köçürülmə işi daha da sürətlənib. H.Abutalıbov vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyətinin də daxil olduğu komissiya işini sürətləndirərək problemi olan bina sakinlərinə əlindən gələn yardımları göstərir, tez-tez onlarla görüşür.
Əraziyə anım mərasiminin təhlükəsizliyinin təmin olunması üçün Bakı Şəhər Baş Polis İdarəsinin xeyli qüvvəsi cəlb olunub, nəqliyyatın hərəkətinə yol polisi əməkdaşları nəzarət edib.
Anım yürüşü səhər saatlarına kimi davam edib.