Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb
Ötən gecə Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qobuqırağı kəndində qeydə alınıb.
Kənd sakini Seyidəliyev Arif Daşdəmir oğluna məxsus, 200 kvadratmetrlik ikimərtəbəli, 6 otaqlı, 1 aynabəndli yaşayış evinin dam örtüyü və 2-ci mərtəbədə yerləşən otaqların 90 kvadrat metrlik sahəsi ev əşyaları ilə birlikdə yanıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqda yerləşən 150 kvadratmetrlik yardımçı tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.