Latviyada “Bakı ritmləri Riqanın qəlbində” adlı fotosərgi açılıb
Mayın 21-də Riqada Latviya paytaxtının meriyası, Latviyanın Xarici İşlər Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb.
APA TV-nin Riqaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun, KİV-in nümayəndələri iştirak ediblər.
Riqa şəhərinin vitse-meri Andris Ameriks qonaqları salamlayaraq deyib ki, Riqanın mərkəzində açılmış sərgi uğurlu Latviya-Azərbaycan əməkdaşlığına əyani misaldır. A.Ameriks qeyd edib ki, bir ay bundan əvvəl Bakıda olub, məşhur Azərbaycan qonaqpərvərliyini görüb. Vitse-mer Bakının gözəlliyinə məftun olduğunu xüsusi vurğulayıb.
Novruz Məmmədov iki xalqın dostluq timsalı olan bu sərginin açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanla Latviya arasında nümunəvi ikitərəfli münasibətlər mövcuddur.
N.Məmmədov Azərbaycan diasporuna müraciət edərək deyib ki, sərgi Latviyanın mədəni və iqtisadi inkişafına kömək göstərir.
Qeyd edək ki, fotosərgi üç həftə davam edəcək.