ABŞ-da neft kəmərində qəza: min tonlarla neft okeana axdı

Kaliforniya ştatının Santa Barbara bölgəsində min tonlarla neftin okeana axması səbəbindən hökumət fövqəladə vəziyyət elan edib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Sakit okean sularına "Plains All American Pipeline" şirkətinə məxsus kəmərdə baş verən qəza nəticəsində 2,5 min barel neft axıb.

 

Okeanın üzərində 14 kilometrlik hissədə "qara ləkə" əmələ gəlib. Bu, son 18 il ərzində regionda qeydə alınan ən böyük analoji hadisədir. "Biz hazırda neftin axdığı ərazidə çirklənmənin qarşısının alınması haqqında düşünürük. Çünki bu ekolji fəlakətə gətirib çıxara bilər" - deyə Santa Barbaranın səhiyyə idarəsinin rəhbəri Takaşi Vada qeyd edib. Yerli hakimiyyət sahil sularının təmizlənməsi istiqamətində işləri sürətləndirib. Təmizlik əməliyyatlarına 9 gəmi ayrılıb. Santa Barbaranın məşhur çimərlikləri bağlanıb, balıq ovu dayandırılıb.

 

Mütəxəssislər qəzanın səbəbini araşdırırlar. Şirkət rəsmisi isə dəyən zərər görə üzr istəyib: "Biz flora və faunaya dəyən zərərə görə çox üzgünük, İnsanlar onların istirahətini pozduğumuz üçün bizi bağışlasınlar". Hadisə nəticəsində dəniz heyvanları üçün ciddi təhlükə yaranıb. Sahil-təmizlik işlərinə onlarla könüllü qatılıb. Onların əksəriyyəti Kaliforniya Universitetinin tələbələridir. "Biz bir neçə ölü qutan və digər quş növləri tapdıq. Bu çox kədərlidir" - deyə tələbələrdən biri deyib.

 

Xatırladaq ki, Kaliforniyada bundan əvvəl də bir neçə dəfə eyni hadisə yaşanıb. 2010-cu ildə Meksika körfəzində baş verən analoji hadisə o vaxt insan tələfatı ilə nəticələnmişdi. Hadisə zamanı 11 neftçi həyatını itirmiş, çirklənmiş ərazinin təmizlənməsi isə 3 aya başa gəlmişdi.

Müəllif | Apa.Tv
Apa.tv