Avropa Oyunlarının məşəli Göyçayda

Mayın 21-də Göyçayda “Bakı-2015” Avropa Oyunlarının məşəli alovlandırılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələri tutan on minlərlə rayon sakini küçələrə çıxaraq Birinci Avropa Oyunlarının məşəlini aparan estafet iştirakçılarını qarşılayıblar.

 

Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib. Bundan sonra yürüşə start verilib və 10 idmançı məşəl yürüşünü davam etdirib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək, Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

 

Məşəlçilər 3 kilometr məsafədə yürüş edib. Doqquzuncu idmançıdan məşəli alaraq yürüş edən yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, əməkdar məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında Birinci Avropa Oyunlarının çırağını isə taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinova təqdim olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov