Lənkəran-Lerik şosesi genişləndirilir

Son dövrlərdə Lənkəran-Lerik şosesində baş verən torpaq sürüşmələri və uçqunları  yolda nəqliyyatın intensiv hərəkəti üçün ciddi maneələrə səbəb olur.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, problemin həlli üçün “Azəryolservis” ASC-nin sifarişi ilə yolda genişləndirmə və bərkitmə işlərinə başlanılıb.

 
Qeyd edək ki, ümumi uzunluğu 56 kilometr olan Lənkəran-Lerik yolunun 17-ci kilometrliyindən 50-ci kilometrliyinədək olan ərazidə altı sürüşmə zonası qeydə alınıb. Xüsusilə yağmurlu hava şəraiti zamanı  baş verən mütəmadi qaya uçqunları və torpaq sürüşmələri yolda qəza şəraiti yaratmaqla yanaşı, həmçinin sürücü və sərnişinlərin həyatı üçün də dəfələrlə təhlükə törədib. Ən gərgin vəziyyət yolun 29-cu kilometrliyində müşahidə olunur. Hazırda yolun məhz bu hissəsində genişləndirilmə işləri daha geniş vüsət alıb.


43 saylı Lerik Rayon Yol İstismar Sahəsindən verilən məlumata görə, şose yolun genişləndirilməsi işi maksimum 3 ay müddətinə başa çatdırılmalıdır. Daha sonra isə yolun əsaslı bərpasına start veriləcək. 

 

 

Müəllif | Apa.Tv