Qeyri-adi əks-səda, günəş şüasına istiqamətlənən qəbir - XÜSUSİ REPORTAJ

Dünyada "Qabusnamə" əsəri tanınan Qabus ibn Voşimgir həm də Ziyarilər sülaləsinin hökmdarı olub. Qabus ibn Voşmgirin adını əbədiləşdirən daha bir əsər isə Qumbadu Qabus qülləsidir.

 

“Gördüyünüz qüllə Qabus ibn Voşimgir tərəfindən tikilib. Hündürlüyü 53 metr olan qüllənin tikilməsində məqsəd Qabus ibn Voşimgirin qüdrətini göstərmək olub. Qüllənin 1009 yaşı var”.

 

Qabus ibn Vəşmgir 976-1012-ci illərdə hakimiyyətdə olub. O, Abbasilər xilafətinə bağlı Ziyarilər dövlətinə rəhbərlik edib. Şəmsülməali ünvanını da ona Abbasi xəlifəsi verib. Ziyarilər X-XI əsrlərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş xanədandır. Bu xanədanlığın iqtisadi inkişafı, mədəni və siyasi yüksəlişi də məhz Qabus ibn Voşimgir dövründə başlayıb.

 

Ziyarilər dövləti siyasi-iqtisadi cəhətdən gücləndikcə Qabus İbn Voşimgir xilafətdən asılılığını azaltmağa, müstəqil siyasət yürütməyə çalışır. Qülləni tikdirməkdə əsas məqsəd öz qüdrətini Abbasilərə göstərmək olub. Digər tərəfdən bu qüllə nişangah rolu oynayıb. Gürgan şəhəri düzənlikdə yerləşdiyindən tikilən qüllə şəhərin yerini uzaqdan müəyyənləşdirməyə kömək edirdi.

 

Qumbadu Qabus qülləsi 1006-07-ci illərdə 15 metr hündürlüyü olan  təpənin üzərində tikilib. 53 metr hündürlüyü olan qüllənin 10 metrini özül, 36 metrini əsas-orta hissə, 7 metrini isə konus hissə təşkil edir.

 

Bu memarlıq abidəsi məşhur alimlər Əl-Biruni və İbn Sinanın rəhbərliyi altında ərsəyə gəlib. Biruni və İbn Sina xeyli sayda mütəxəssisi toplayaraq tikintini iki il ərzində həyata keçiriblər.

 

“Hazırda Qumbadu Qabus qülləsinin mərkəzindəyik. Bu məkanın fərqli cəhəti danışarkən səsin qəribə formada əks-səda verməsidir”.

 

Qeyd etdiyimiz kimi qüllənin orta hissəsinin hündürlüyü 36 metrdir. Qüllənin daxilindən başqa səs yalnız qapıdan 36 metr uzaqlıqda, kiçik bir nöqtədə əks-səda verir. İnsanlar bu nöqtədə dayanaraq qeyri-adi əks-sədanın şahidi olurlar.

 

Qüllənin günbəz hissəsi konusvari, orta hissəsi 10 guşəli ulduz formasındadır. Turistlərin çoxu Günbədkavus şəhərinə bu tarixi abidəni görmək üçün gəlirlər.

 

Günbəzin şərq hissəsində bir pəncərə var. Rəvayətə görə, Qabus ibn Voşimgir öldükdən sonra onun nəşi qüllənin həmin hissəsinə yerləşdirilib. Voşimgirin bu pəncərəni düzəltdirməkdə  məqsədi isə qəbrinin üstünə hər səhər günəş şüasının düşməsini təmin etmək olub.

 

Bələdçinin sözlərinə görə, bu abidə Qabus ibn Voşimgirin ömrünün son illərində tikdirilib. Qüllənin üzərində ərəb dilində yazılarda da bu fikirlər öz əksini tapıb: "Salam olsun Rəhim və Rəhman olanın böyük adına! Mən əmir Şəmsülməaliyəm! Mən əmirəm, əmir oğluyam! Qabus İbn Voşimgir".

 

Tarixi mənbələrə əsasən, Qabus ibn Voşimgir 1012-ci ildə  orduda başlayan üsyanın qurbanı olub, üsyançılar tərəfindən öldürülüb. Abidə monqolların hücumlarına məruz qalıb. Şəhərə hücum edənlər qülləni dağıtmağa cəhd etsələr də, bu cəhd uğursuzluqla nəticələnib.

 

Bu abidə ilk dəfə ruslar tərəfindən 1929-cu ildə bərpa olunub. Bərpa işləri bir neçə mərhələdə həyata keçirilib. 1939-cu ildə təmir işləri tam yekunlaşıb. O dövrdə bu ərazi rusların nəzarətində olub. Hətta ruslar qalanın yerləşdiyi təpədə mühafizə divarları hörüb, dörd gözətçi qülləsi inşa ediblər. Amma bu qala divarları və mühafizə nöqtələri sonradan dağıdılıb.

 

Qumbadu Qabus qülləsinin yerləşdiyi şəhərin ilk adı Gürgan olub. Şəhərin əsasının IX əsrdə qoyulduğu güman edilir. Şəhər 13-cü əsrdən sonra monqolların hücumu nəticəsində tamamilə məhv edilib. Şəhərdən yeganə olaraq Qumbadi-Qabus qülləsi salamat qalıb. Şəhər yenidən salınanda qüllənin adına uyğun olaraq Günbədkavus adlandırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv