Yanan binada məktəblilər siyahıya alındı, borclar silindi
Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilən qərargaha təqdim olunub.
Təhsil Nazirliyindən APA TV-yə verilən xəbərə görə, siyahıda adları olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər.
Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.
Həmçinin vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərargaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi zərərçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını nazirlik hesabına ödəmək barədə qərar qəbul edib. Nazirin müşaviri Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.
Analoji addımı “Azərsu” ASC də atıb. “Azərsu”nun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib ki, zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq, istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.