Yanan binanın sakinlərinə sənədlərin verilməsinə başlandı

Bu gündən etibarən "ASAN Xidmət" Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə xidmət göstərməyə başlayıb.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, "ASAN Xidmət" digər dövlət qurumları ilə birlikdə vətəndaşlara yardım edir. Bu gün səhər saatlarından başlayaraq zərərçəkmiş sakinlər səyyar avtobusa yaxınlaşaraq, sənədlərinin bərpa olunması üçün müraciət ediblər.

 

Şəxsiyyət vəsiqəsi üzrə inspektor Ülvi Hümbətov bildirib ki, hələlik onlara 6 nəfər müraciət edib: "Bunların hamısı şəxsiyyət vəsiqələrinin korlanması və ya itməsi ilə bağlıdır. Hələlik məlumat yoxdur ki, korlanıb, itib, yaxud, ümumiyyətlə, şəxsiyyət vəsiqəsi yoxdur. Bütün şəxsiyyət vəsiqələri tərtib olunub veriləcək".

 

Reyestr idarəsindən qeydiyyatçı Fərid Şirinli isə deyib ki, evlərin, mənzillərin çıxarışları ilə bağlı müraciətlər olub: "Elə vətəndaşlar var ki, müraciət edir, bərpa olunması mümkündür, amma elələri də var ki, köməklik edəcəyik bərpa olunsun. Hazırda müraciətlər yalnız şəxsiyyət vəsiqələri ilə olunur, müvafiq göstərişlər olacaq, ondan sonra yəqin köməklik olunacaq".

 

Xidmətlər Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçirilir. "Səyyar ASAN Xidmət" vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatının alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasında dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər göstərir.

 

Xidmətlərin göstərilməsi ilə bağlı vaxt məhdudiyyəti nəzərə alınmayıb. Yəni bütün sakinlərin sənədləri qaydaya gətirilənə kimi səyyar formada xidmətin göstərilməsi davam edəcək. "Səyyar ASAN Xidmət"in iş qrafiki xidmət mərkəzlərinin iş qrafiki ilə tənzimlənəcək. Yəni həftə içi bazar ertəsi-cümə günləri 10:00-dan 20:00-dək, şənbə və bazar günləri 10:00-dan 17:00-dək nahar fasiləsi olmadan həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv