Novruz Məmmədov: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərə yenidən baxa bilər"
Azərbaycan Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının yekun bəyannaməsi ilə razılaşmayıb.
APA TV-nin Riqaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin bəyannamə ilə bağlı iradları olub: "Özü də güclü iradlarımız var idi. Birincisi, biz bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin xarakterinə uyğun saymırıq. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə ən uğurlu əməkdaşlıq edən ölkədir. Amma o sənədin içərisində Azərbaycanla bağlı müddəalar buna cavab vermirdi. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəa bu ruha uyğun deyil. Biz bununla bağlı mövqeyimizi açıq şəkildə bildirdik və böyük gərginlik yarandı".
Uzun müzakirələrdən sonra Azərbaycan tərəfi yekun bəyannaməyə öz qeydlərini əlavə etməklə razılıq verib. Rəsmi Bakı xüsusi qeydlərini Avropa İttifaqına yazılı şəkildə təqdim edəcək. Novruz Məmmədov bəyan edib ki, əgər Avropa İttifaqı bu qeydlərlə razılaşmasa, Azərbaycan qurumla münasibətlərə yenidən baxmalı olacaq: "Verdiyimiz təkliflər Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, o zaman biz də əməkdaşlığımız, onun xarakteri ilə bağlı öz mövqeyimizi bildirəcəyik".
Novruz Məmmədov onu da deyib ki, sammitdə Xəzər qazının Avropaya nəqli ilə bağlı xüsusi müzakirələr aparılmayıb. Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin ləğvi ilə də bağlı müzakirələr olub: "Bu məsələ də nəzərə alınmalı və müəyyən addımlar atılmalıdır".