Dövlət Sərhəd Xidmətinin irimiqyaslı taktiki təlimləri başa çatıb

2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2015-ci ilin may ayının 15-dən 21-dək “Ağgöl” səhra təlim mərkəzində irimiqyaslı taktiki təlimlər keçirilib.

 

Xidmətin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, təlimlərin əsas məqsədi Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olub.

 

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

 

Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

 

Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə  təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv