Əli Həsənov: “Azərbaycan hakimiyyəti QHT-ləri öz tərəfdaşı hesab edir”
“Azərbaycanda vətəndaş cəmiyyəti institutunun belə ofisə malik olması çox böyük mətləblərdən xəbər verir”.
APA TV-nin məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) binasının açılışı ilə bağlı bu gün keçirilən mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir Azərbaycanda səmərəli fəaliyyət göstərir: "Mən bu sahədə Umud Rəhimoğlunun fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3 500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir. Təməli Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatlarının ittihamlarına əsl cavabdır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu tək deyil, belə uğur qazanan bir neçə təşkilatımız var. QHT-lərimiz, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir".
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
Mükafat fondun prezidenti Umud Rəhimoğlu tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.
Əli Həsənova isə BAMF-in “Fəxri diplomu” təqdim edilib. Umud Rəhimoğlu Əli Həsənova vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib.