FHN poliuretanla üzlənmiş 250-dən artıq binanı qoruyur - RƏSMİ

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi ölkənin şəhər və rayonlarında poliuretan materialla üzlənmiş binaların mühafizəsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Bakı Regional Mərkəzinin ümumilikdə 460 əməkdaşı hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Şəmkir, Qazax, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Göyçay, Goranboy, Neftçala, Şirvan, Lənkəran və Astara şəhərləri üzrə poliuretan materialla üzlənmiş 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir.

 

Bundan əlavə, ölkə üzrə ümumilikdə 43 yanğınsöndürmə avtomobili heyəti ilə həmin binaların mühafizəsinə cəlb olunmaqla fasiləsiz növbə çəkir.

 

Nazirlik zərurət yarandıqda, bu məqsədlə ayrılan şəxsi heyət və texnikanın sayının artırılmasına da potensialı olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv