Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə mayın 19-da Bakının Binəqədi rayonunda baş vermiş yanğında həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“The Business Year” jurnalının regional direktoru Betül Çakaloğlu çıxışında bildirib ki, jurnalın heyəti 6 ay ərzində Azərbaycanda fəaliyyət göstərib. O qeyd edib ki, jurnalın bu buraxılışı bu yaxınlarda Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunub. Buraxılış 97 700 tirajla çap olunub. Jurnal təxminən 200-ə yaxın nüfuzlu konfransda paylanacaq. Xüsusi buraxılış Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi ilə başlayır. Daha sonra Monako şahzadəsi Albert, Çex Respublikasının prezidenti Miloş Zeman, eyni zamanda Pakistan prezidenti Məmnun Hüseyn, habelə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müsahibələri də xüsusi buraxılışda yer alıb.
Təqdimatda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkilləri və digər rəsmi qonaqlar, media nümayəndələri iştirak ediblər.
Əli Həsənov çıxışında bildirib ki, “The Buisnes Year: Azerbaijan - 2015” nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq.
Təqdimatın sonunda “The Businees Year” jurnalının bir neçə nominasiyada təsis etdiyi mükafatlar üzrə qaliblərin adları elan olunub. İnsanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə “İlin beynəlxalq dialoqu mükafatına” İDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva layiq görülüb.
Azərbaycan dövlət siyasətinin təbliği və dövlət imicinin formalaşdırılması sahəsində və səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year" şirkətinin xüsusi plakatına layiq görülüb.
Azərbaycanda idmanın inkişaf etdirilməsi sahəsində məqsədyönlü fəaliyyəti və uğurlarına görə isə Azərbaycan Gənclər və İdman Nazirliyi “İlin idman nazirliyi” mükafatı ilə təltif edilib. “Turanbank” “İlin yenilikçi bankı” elan olunub.
"Gilan & Knauf” şirkəti isə “İlin tikinti təchizatçısı” mükafatına layiq görülüb. Mükafatı şirkətinin baş direktoru Cəmil Muradova təqdim olunub.