Avropa Oyunlarının məşəli Mingəçevirdə

Mayın 22-də Mingəçevir şəhərində “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq, prezident İlham Əliyevin Atəşgah məbədində alovlandırdığı Birinci Avropa Oyunlarının məşəlini 30-dan çox şəhər və rayondan keçirərək Mingəçevirə gətirən estafet iştirakçılarını qarşılayıb.

 

“Kür” Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul edib. Məşəl qəbul edildikdən sonra yürüşə start verilib və 10 idmançı məşəl yürüşünü davam etdirib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edib, Heydər Əliyev prospekti, Nəriman Nərimanov, Səməd Vurğun küçələri ilə hərəkət edərək Heydər Əliyev meydanına gəliblər.

 

Məşəlçilər 3 kilometr məsafədə yürüş edib. Doqquzuncu idmançıdan məşəli alaraq yürüş edən avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırıb. Meydana toplaşanların alqışları altında Birinci Avropa Oyunlarının çırağını isə Mingəçevir şəhər 3 saylı məktəbin müəllimi Aysel Hüseynova yandırıb. Çıraq yarışlar başa çatana qədər Heydər Əliyev Mərkəzində saxlanılması üçün fəal gənc Ceyhun Paşazadəyə təqdim olunub.

 

Qarşılanma mərasimində çıxış edənlər məlumat verib ki, İlk Avropa Oyunları Bakı və Mingəçevir şəhərlərində keçiriləcək. Mingəçevirdə bu yarışların keçirilməsi üçün müasir infrastruktur yaradılıb. Təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir. Mingəçevirdə yarışlar 3 gün keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə 12 baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışı (yalnız kişilər arasında) keçiriləcək. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək Birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov