Təhsil Nazirliyi yanan binada sənədləri məhv olanlarla bağlı müvafiq tapşırıqlar verib

Binəqədi rayonunda binada baş verən yanğınla əlaqədar yaradılmış qərargahda Təhsil Nazirliyinin nümayəndəsi də təmsil olunur. APA TV-nin xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.

 

Onun sözlərinə görə, həmin binada yaşayan təhsil işçiləri, tələbələr və şagirdlər barədə məlumatlar əldə edilib: "Onların özləri və təhsil müəssisələri ilə əlaqə saxlanılıb. Yanğın zamanı təhsil sənədləri məhv olanlarla bağlı müvafiq tapşırıqlar verilib. Sənədlər yaxın günlərdə bərpa olunacaq".

 

Bundan başqa, Ceyhun Bayramov bildirib ki, bu il Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Tədris həftəsi 5 günlük olan məktəblərdə "Son zəng" mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq. Onun sözlərinə görə, məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.

 

İyunun 1-dən müəllimlərin yerdəyişməsinə başlanacağını deyən nazir müavini qeyd edib ki, müəllimlərin işə qəbulu prosesi mərhələlərlə həyata keçirilir. May ayında Bakı şəhəri üzrə daxili yerdəyişmələr həyata keçirilib, vakansiyalar barədə məlumatlar Təhsil  Nazirliyinə təqdim olunub: "İyundan ölkədaxili sistemdə hazırda çalışan müəllimlərin yerdəyişmələri baş tutacaq. İyul ayının ilk yarısında isə təhsil sisteminə ilk dəfə daxil olanlar üçün müsahibələr həyata keçiriləcək".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova