Azərbaycan Riqa sammitinin Bəyannaməsində etiraz etdiyi məsələləri açıqlandı

Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nazir Elmar Məmmədyarov deyib.

 

"Sabah, mayın 24-də Rusiyaya səfər edəcəyəm və mayın 25-də rusiyalı həmkarım Sergey Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşlərim nəzərdə tutulub. Lavrovla əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq" - deyə E.Məmmədyarov bildirib.

 

Nazir ATƏT-in Minsk Qrupu ilə münaqişə tərəflərinin növbəti görüşünün vaxtının hələ müəyyənləşdirilmədiyini deyib: "Moskva görüşlərinin nəticəsi həmsədrlərlə görüşümüzü tezləşdirə bilər. Yəni bu, tərəflərin qarşılıqlı razılığından asılıdır. Sonuncu görüşümüzdə növbəti danışıqların sentyabr ayında keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdıq. Azərbaycanda keçiriləcək Avropa oyunları və bu ərəfədə prezident İlham Əliyevin iş qrafikinin daha gərgin olması ilə əlaqədar yay aylarında həmsədrlərin səfəri planlaşdırılmır. Amma yenə də hər şey danışıqlardan asılı olacaq".

 

Elmar Məmmədyarov Azərbaycanın Riqa sammitinin Bəyannaməsində etiraz etdiyi məsələləri də açıqlayıb: “Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq”.

 

Riqa sammitini yarımçıq tərk etməsi barədə məlumatlara aydınlıq gətirən nazir əlavə edib ki, belə bir şey olmayıb: "Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi".

 

Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" proqrama üzv  ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığının 3 inkişaf modelini müəyyən etdiyini deyib: "Azərbaycan Avropa İttifaqı ilə əlaqələri strateji tərəfdaşlıq münasibətlərini nəzərə almaqla ikitərəfli əməkdaşlıq əsasında qurmağı planlaşdırır. Bu ən əlverişli formatlardan biridir".

 

Nazir bu əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qurulmasının vacibliyin xüsusi vurğulayıb.

 

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın təqdim etmək istədiyi növbəti layihə Cənub Qaz Dəhlizi layihəsi əsasında qaz sahəsinin inkişaf etdirilməsindən ibarətdir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı