Ziyafət Əsgərov: “Avropa İttifaqı Riqa sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir"

“Avropa İttifaqı Riqa sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir, ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Ona görə də hesab edirik ki, bizim oradakı nümayəndə heyətimiz düzgün qərar qəbul etdi və xüsusi rəylə çıxış etdi”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Riqa sammitində Azərbaycanın yekun Bəyannaməyə etirazına münasibət bildirərkən deyib.

 

"BMT, eləcə də Avropa İttifaqı və Avropa Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanındığını, qətnamələr qəbul edildiyini rəsmi Bakı dəfələrlə xatırladılıb. Çox təəssüf edirəm ki, tərəfdaşlıq proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olundu”.

 

Z.Əsgərov ermənilərin Bakıda keçiriləcək Avropa Oyunları zamanı Azərbaycana qarşı təxribat törədə biləcəklərini istisna etməyib.

 

“Bu yaxınlarda mətbuatdan oxudum ki, guya hansısa erməni Bakıda binada baş verən yanğınla bağlı təəssüf hissi keçirdiyini, xəcalət çəkdiyini bildirib. Lakin bunlar hamısı qeyri-səmimidir. Ermənilər xəcalət çəkirlərsə, 1988-ci ildən bunu etməlidirlər. O vaxtdan Azərbaycanın əraziləri ermənilər tərəfindən işğal olunmağa başlanıb, Xocalı soyqırımı törədilib, azərbaycanlılar qırılıb. Xəcalət çəkən olsaydılar, o vaxt çəkərdilər".

 

Müəllif | Apa.Tv