Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq”
Bakıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı işə başlayıb.
APA TV-nin məlumatına görə, əvvəlcə toplantı iştirakçıları Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Fondun prezidenti İsmayıl Safinin Türkiyə Respublikasının sədrliyi dövründə qurumun gördüyü işlər barədə məruzəsi dinlənilib.
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçib. Fondun yeni prezidenti Çingiz Abdullayev olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edib. Nazir çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə diqqət çəkib: "Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var. Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir. Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.
Toplantıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun himayəsi ilə aparılan tədqiqatların nəticəsi olan Qara dəniz və Xəzər dənizi regionlarında həll olunmamış münaqişələrin iqtisadi, sosial və siyasi nəticələri və onların tənzimlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun "Bakı Bəyannaməsi" qəbul olunacaq.
Qeyd edək ki, Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.