Heydər Əliyev Mərkəzində tələbələrin əmək yarmarkası keçirildi

Bu gün Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası və “British American Tobacco” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.

 

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, tələbələrin müvafiq ixtisaslara istiqamətləndirilməsi, ixtisaslar üzrə əmək bazarında fəaliyyət göstərən dövlət və özəl şirkətlərlə əlaqələrin qurulması, onların gözləntilərinin təhsil prosesində əks edilməsi kimi çağırışlar təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biridir: "Düşünürük ki, tədbirin hər il keçirilməsi gələcəkdə məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına müsbət töhfəsini verəcək".

 

Budəfəki əmək yarmarkası əvvəlkilərdən fərqlidir. Belə ki, yarmarkada iştirak etmək istəyən tələbələrin CV-ləri əvvəlcədən xüsusi yaradılmış sayta yerləşdirilib. Şirkətlər CV-lərə baxaraq öz vakansiyalarına uyğun tələbəni müəyyənləşdirib, onlarla əmək yarmarkasında görüş təyin ediblər.

 

Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 50-dən çox beynəlxalq və yerli şirkət iştirak edir. Bu şirkətlər tələbələrə 300-dən artıq vakansiya təklif edir. Qeyd edim ki, bu yarmarkadan yararlanmaq üçün respublikanın bütün bölgələrindən 2700 yaxın qeydiyyatdan keçib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova