Qan Turalı "Doqquz hekayə”sini təqdim etdi

Yazıçı Qan Turalının "Doqquz hekayə” adlı kitabının təqdimat mərasimi keçirilib. İmza günü Gənc Tamaşaçılar Teatrının foyesində təşkil olunub.

 

"Doqquz hekayə" yazıçının ikinci nəsr kitabıdır. Kitabda müəllifin son illərdə yazdığı hekayələr toplanıb. Mövzu və forma baxımından rəngarəng olan yeni nəşrə Qan Turalının “Prokurorun üç günü” adlı detektiv hekayəsi də daxil edilib.

 

Qan Turalı çıxışında bildirib ki, "Doqquz hekayə" kitabı 7-8 il əvvəl yazdığı hekayələrdən ibarətdir: "Mən çoxdan fikirləşirdim ki, hekayələrimi toplayım. Ümid edirəm ki, bu, Azərbaycan ədəbiyyatında hadisəyə çevriləcək. Əlbəttə, bu, sadəcə, ümid etməkdir. Son sözü hər zaman oxucu deyir".

 

Oxucular müəllifin imzalı kitablarını əldə ediblər.

 

Təqdimat mərasimində tanınmış yazarlar, jurnalistlər, oxucular iştirak edib.

 

"Elgün" nəşriyyatında çap olunan kitabda Qan Turalının povesti, pyesi və yeddi hekayəsi toplanılıb. "Doqquz hekayə” kitabı mərhum yazıçı Rafiq Tağının xatirəsinə ithaf olunub. Müəllifin bundan əvvəl "Elektronik sevdalar", "Mustafa", "Polis qorxusuyla öpüşmək" kitabları çapdan çıxıb.

 

Müəllif | Apa.Tv