Ankarada güclü partlayış: ölən və yaralananlar var
Türkiyədə zavodların birində fəhlələrin ölümü və xəsarət alması ilə nəticələnən güclü partlayış baş verib.
APA TV-nin "İHA"ya istinadən məlumatına görə, hadisə paytaxt Ankaranın Kazan rayonunda qeydə alınıb.
Rayon ərazisində fəaliyyət göstərən sement zavodunda sement qazanı naməlum səbəbdən partlayıb və yanğın başlayıb. Bədbəxt hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Partlayışdan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb, yaralılar isə yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.
Hazırda dağıntıların altında insan olub-olmadığını müəyyən etmək üçün bölgədə axtarış-xilasetmə işləri davam edir.