Bakıda 28 min kvadratmetrlik velopark - XÜSUSİ REPORTAJ
Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları ilə bağlı Azərbaycanda aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir. Bir çox idman obyektləri artıq yarışları qəbul etməyə tam hazırdır.
Hazırlıq işlərinin yekunlaşdığı möhtəşəm idman obyektlərindən biri də paytaxtın Qaradağ rayonu ərazisində inşa edilən Veloparkdır. Yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən ərazi bərbad hala düşüb. 2005-ci ilin sentyabrında prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub.
Veloparkın baş meneceri Umar İkram deyir ki, meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Sahəsi 28 min kvadrat metr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir.
"Azərbaycanda ilk dəfədir belə yarış baş tutur. Veloparkda yarış üç gün keçiriləcək. Əslində bu obyekt müvəqqəti idman yarışı üçün nəzərdə tutulub. Lakin yarışlardan sonra Velosiped İdmanı Federasiyasının istifadəsinə veriləcək"
"Yarışlar zamanı ümumilikdə 20 ölkədən 48 idmançı öz gücünü sınayacaq. Onların 32-si kişi, 16-sı isə qadın idmançıdır".
Dünya idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə edən və maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür. Ötən əsrin 70-ci illərində əsası qoyulan bu idman növü indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.
"Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb".
Bununla yanaşı, burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarəti, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.