DSMF Mingəçevirdə regional vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Mingəçevirdə regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusunda keçirilən tədbirdə Mingəçevir, Yevlax şəhərlərinin və Oğuz rayonunun sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak ediblər.

 

Dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılan vətəndaş forumunda sığortaolunanların və pensiyaçıların çoxsaylı suallarına aydınlıq gətirilib. Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, bu il aprelin 1-dək olan statistik məlumata görə ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfər təşkil edir. Onların 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.

 

Təqdimatla çıxış edən Fondun əməkdaşı Azəri Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov