Ukrayna separatçılarının "beyni" öldürüldü
Ukraynanın şərqində separatçıların liderlərindən biri öldürülüb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, "Prizrak" briqadasının komandiri Aleksey Mozqavoyun olduğu avtomobil atəşə tutulub.
Tanınmamış "Luqansk Xalq Respublika"nın təmsilçiləri bunu Kiyevin növbəti diversiyası adlandırıblar. Onlar Mozqavoyun "Luqansk Respublikası"nda daxili çəkişmələrin qurbanı olduğunu da istisna etmirlər.
Hadisədən sonra qarşı duran tərəflər arasında atışmalar intensivləşib. Nəticədə milyarder Rinat Axmedova məxsus kimyəvi zavodda iş dayandırılıb. "Bizim müəssisəyə 200 mərmi düşüb. Biz həyatımızı təhlükəyə ataraq baş verə biləcək faciəni aradan qaldırmaq istəyirik. İşçilərimiz qorxur, hamı təşviş içindədir. Biz işləyirik, biz ölkənin mənafeyi üçün çalışırıq" - deyə zavodun direktoru Musa Məhəmmədov bildirib.
Xatırladaq ki, bu, strateji zavodun yerləşdiyi ərazidə yaranan ikinci analoji hadisədir. Rəhbərlik normal iş şəraitinin nə zaman bərpa olunacağını açıqlamaqda çətinlik çəkir. Zavoda elektrik enerjisinin verilməsində də problemlər var. Müəssisənin bir işçisi atışmalar zamanı öldürülüb.