Mikayıl Cabbarov: "12 illik təhsilə keçidlə bağlı təcrübə öyrənilir"
“Azərbaycanda 12 illik təhsilə o zaman başlanacaq ki, bizim seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olacağıq". APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, belə bir proses və keçid həm təhsil sisteminin fəaliyyət formasının, formatının dəyişdirilməsi, həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb edilməsi ilə müşahidə olunmalıdır.
Nazir qeyd edib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə bu, hazırda dünyada universal bir minimum müddət kimi müəyyənləşdirilib: “Ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması deklarasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb. Lakin burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. Birincisi, 12 illik təhsilə özlüyündə məqsəd kimi baxılmır və baxılmamalıdır. 12 illik təhsil keçid bir vasitədir. Azərbaycanın təhsil sisteminin əmək bazarı üçün dövlətin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə rəqabətə davamlılığının artırılması üçün bizim şagirdləri, gənc nəsli və vətəndaşları daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar vermək lazımdır. Həmçinin ümumilikdə sosial-iqtisadi inkişafı məqsədlərinə xidmət edən vətəndaşları formalaşdırılmalıdır".
Nazir əlavə edib ki, hazırda Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir. Onun sözlərinə görə, Azərbaycanda ümumi təhsil məktəbinə və sisteminə yalnız ali təhsilə hazırlıq üçün mövcud olan sistem kimi baxmaq kökündən yanlış bir yanaşmadır. Burada həm ali məktəbə, həm əmək bazarına, həm müstəqil fəaliyyətə, həm də elmi fəaliyyətə hazırlıq nəzərdə tutula bilər.
Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda digər dövlətlərdə olduğu kimi, təhsil sistemi və infrastrukturunun inkişafı üçün özəl sektorun böyük bir potensialı var. Onun sözlərinə görə, hazırda Azərbaycanın özəl məktəblərində, ümumi təhsil sektorunda təhsil alan şagirdlərin sayı ümumi şagird sayından 1%-dən azdır. Hazırda özəl məktəblər, orda təhsil alan şagirdlər üçün mövcud olan resurs, o cümlədən maliyyə resursu dövlət məktəbləri ilə müqayisə edilən səviyyədə deyil: “Təhsilə yalnız dövlət, hökumətin üzərinə qoyulan yük kimi baxılması bugünkü aparıcı dünya təcrübəsinə nəzər saldıqda, heç də yeganə vasitə və yol deyil. Bu nöqteyi-nəzərdən özəl sektorun gələcəkdə istər 12 illik təhsilə keçid çərçivəsində, istərsə də təhsilin müxtəlif pillələrində özəl sektorun inkişafı üçün təhsil sahəsində imkanlar mövcuddur. Bu, təhsil sahəsinə əlavə resursların gətirilməsi və daha keyfiyyətli nəticələrin əldə edilməsi deməkdir”.
Qeyd edək ki, bu gün Bakıda Təhsil Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum işə başlayıb. Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr aparılır. İki gün davam edəcək konfransda biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunub.