Bakıda xəstəxanada kriminal avtoritet keçmiş məhkumu qətlə yetirib - VİDEO

Bakıda xəstəxanada qətl törədilib. Hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb.

 

Səhər saat 7:00 radələrində yuxudan oyanan xəstələrdən biri əlinə bıçaq götürərək, palata yoldaşlarına hücum edib. 

 

Dispanserin həkimi hadisənin təfərrüatlarını APA TV-yə açıqlayıb: "Qonşu palatada olub. İsmayılov Əjdər Muradov soyadlı xəstəni qətlə yetirib, digərini isə bıçaqlayıb".

 

Hadisəni törədən Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov otaqda olan çay stəkanını qıraraq özünə də xəsarət yetirmək istəyib. Həkim personalının işə müdaxiləsindən sonra onu zərərsizləşdirmək mümkün olub. İlkin ehtimala görə, Əjdər 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və bir neçə bıçaq xəsarəti alan 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu yuxusunu qarışdırdığına görə vurub. Nəticədə Vahid Muradov ölüb, Elşən İsmayılov yaralanıb.

 

Həkim Əjdər İsmayılovun qətli affekt vəziyyətində törətdiyini deyib: "Affekt vəziyyətdə idi. Özü də bizə izah edə bilmədi. Yatmış xəstələri vurub bu. Özü oyanan kimi vurub. Bəlkə də yuxuda nə isə görüb".

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

 

“Vesti.az” saytının əldə etdiyi məlumata görə, həm Əjdər İsmayılov, həm də öldürülən Vüqar Muradov əvvəllər məhkum olublar və uzun müddət həbsdə yatıblar. Vüqar Muradovun bədənində çoxlu sayda döymə aşkarlanıb. Onun çiynində ulduz formasında döymələr olub, bu səbəbdən istintaq öldürülən şəxsin kriminal avtoritet olduğunu ehtimal edir. Saxlanan Əjdər İsmayılovun da kriminal aləmlə sıx əlaqələrinin olduğu güman edilir.

 

Müəllif | Apa.Tv