Qafqaz İslam Ordusunun Azərbaycana gəlişindən 97 il ötür
Bu gün Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edib, onun önünə əklil qoyub.
Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, 97 il əvvəl - 25 may 1918-ci il tarixində türk sərkərdəsi Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə daxil olub.
Onun sözlərinə görə, ordu mayın 25-də Yevlax və Gəncəyə daxil olub və millət tərəfindən böyük coşğu ilə qarşılanıb: "Üstündən illər keçəndən sonra bir az unutqanlığımızı burada qeyd etmək yerinə düşər. O vaxt xilaskar qüvvə kimi, xilaskar mələk kimi Azərbaycana göndərilmiş Qafqaz İslam Ordusuna verdiyimiz qiymət arasında müəyyən təzadlar var. Ona görə də biz bunu xatırlatmaq üçün bura gəldik. 25 may tarixini Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi tarixi kimi qeyd edirik".
Anım mərasimində partiyanın rəhbər şəxsləri və üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.