Hacıbala Abutalıbov: “Yanan binada yaşayan 26 ailəyə kompensasiya ödənilib”

“Mayın 22-dən başlayaraq indiyə qədər yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 23 ailəyə və kirayədə yaşayan 3 ailəyə kompensasiya ödənilib”.


Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib.

 

H.Abutalıbov yanmış çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan və kirayədə yaşayanların müraciətinə uyğun olaraq kompensasiya ödənilməsi prosesinin davam etdiyini bildirib: "Bizimlə bağlı hər hansı problem yoxdur, pul bankdadır. Amma müraciətlər gecikir. Bu da onunla əlaqədardır ki, kiminsə xəstəsi var, yaxud başqa səbəblərdən müraciət etməkdə gecikir”.

 

H.Abutalıbov kirayədə yaşayan ailələr sırasında jurnalist ailəsinə də kompensasiya ödənildiyini nəzərə çatdırıb: “Ev sahibi ilə kirayədə yaşayan ailə razılaşır ki, nəzərdə tutulan 20 min manatın nə qədəri ev sahibinə, nə qədəri də kirayədə yaşayan ailəyə çatsın. Razılaşma olandan sonra bu barədə protokolu bizə təqdim edirlər. Biz bankda kirayəyə yaşayanın və mənzil sahibinin hesabına ayrılıqda pul köçürürük. Kirayədə yaşamış jurnalist həmkarınız Sevinc Fədainin hesabına da pul köçürülüb”.

 

H.Abutalıbov medianı kompensasiyaların ödənilməsi prosesində şəffaflığın təmin edilməsi işində yardımçı olmağa,  müvafiq məlumatları Bakı şəhər İcra Hakimiyyətinə çatdırmağa çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv