Sergey Lavrov: “Azərbaycana Avropa Oyunlarının keçirilməsində uğurlar arzulayırıq”
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, S.Lavrov görüşün əvvəlində Bakıda yaşayış binasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan xarici işlər nazirinə başsağlığı verib.
Rusiyalı nazir iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən xarici işlər naziri Elmar Məmmədyarov da Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb: “Hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən ilə artır. Ölkələr arasında beynəlxalq tədbirlərdə də səmərəli əməkdaşlıq mövcuddur”.
Bağlı qapılar arxasında davam etdirilən görüşdən sonra Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmələr planı imzalanıb. Plana xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov imza atıblar. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsi ətrafında Elmar Məmmədyarovla uzun müzakirələr apardığını söyləyib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi Rusiya üçün prioritet məsələdir. Biz bu münaqişənin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar vasitəsilə həllin olunması üçün səylərimizi davam etdirəcəyik”.
S.Lavrov Ukrayna münaqişəsində Azərbaycanın tutduğu təmkinli mövqeyi yüksək qiymətləndirdiyini bildirib: “Üç həftə sonra Azərbaycanda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət nümayəndə heyəti təmsil edəcək. Azərbaycana Avropa Oyunlarının keçirilməsində uğurlar arzulayırıq”.
E.Məmmədyarov isə çıxışında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çoxdan yetişib: “Sergey Lavrovun da dediyi kimi, münaqişənin həlli çoxdan yetişib. Mən onun nikbinliyini bölüşürəm. Biz dünən və bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr apardıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələrimiz oldu. Azərbaycanın Xəzərinin hüquqi statusu ilə bağlı mövqeyi bir çox məqamlarda Rusiya ilə üst-üstə düşür”.
Elmar Məmmədyarov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirakı gözlənilir. Onun sözlərinə görə, Rusiya prezidentinin Bakıya səfəri çərçivəsində gündəlikdə olan konkret məsələlərin müzakirəsi planlaşdırılır.
Sergey Lavrov isə deyib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür. O, hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcəklərini söyləyib.