“Galatasaray” Türkiyə çempionu oldu – DÖRDÜNCÜ ULDUZ!

Türkiyə Superliqasının bitməsinə bir tur qalmış "Galatasaray" 20-ci çempionluğunu qazanıb. "Sarı-qırmızılar" "Fənərbaxça" ilə dördüncü ulduz mübarizəsində qalib gəldilər.

 

Bir gün əvvəl "Beşiktaş"ı 2:0 hesabı ilə məğlub edən "Galatasaray" xallarının sayını 76-ya çatdırıb və 70 xalla onu təqib edən "Fənərbaxça"nın "İstanbul Başakşəhər" komandası ilə oyununun nəticəsini gözləməyə başlayıb. "Fənərbaxça" xal itirsə, "Galatasaray" vaxtından əvvəl çempionluğunu elan edəcək, əsas rəqibi qələbə qazanarsa, çempionluq ümidləri sonuncu tura qalacaqdı.

 

Amma "Galatasaray" sonuncu turu gözləməli olmayıb. İstanbulun Fatih Terim adına stadionundan gələn xəbər çempionu vaxtından əvvəl müəyyənləşdirib.

 

"Fənərbaxça" "İstanbul Başakşəhər"lə oyunda 2:0 hesabı ilə geri düşüb. Çempionluğa iddialı klub sonradan hesabı bərabərləşdirsə də, bundan artığına gücü çatmayıb. "Fənərbaxça"nın əsəbləri tab gətirməyən futbolçuları oyunun gedişində dörd qırmızı vərəqə alıb, oyunun sonuna yaxın meydanda 7 nəfərlə qalmalı olublar.

 

Bu heç-heçə ilə "Fənərbaxça" çempionluq şansını itirib.

 

Qeyd edək ki, həm "Galatasaray", həm də "Fənərbaxça" bu mövsümədək 19 dəfə çempion olublar və iki əzəli rəqib arasında dördüncü ulduz uğrunda mübarizə qızışmışıb. Hər iki klub 20-ci çempionluğu və dördüncü ulduzu hədəf alıb. Bu gərgin mübarizənin qalibi "Galatasaray" olub.

 

"Galatasaray" 15-ci çempionluğu və 3-cü ulduzu da "Fənərbaxça"dan əvvəl qazanmışdı.

 

"Galatasaray"ın çempionluğu dəqiqləşdikdən sonra Türkiyənin müxtəlif yerlərində azarkeşlər küçələrə axışaraq, komandalarının zəfərini bayram etməyə başlayıblar.

Müəllif | Apa.Tv
Apa.tv