Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, Rusiya-Azərbayca hökumətlərarası dövlət komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Elmar Məmmədyarov Dmitri Roqozini xarici işlər naziri Sergey Lavrovla və Dövlət Dumasının sədri Sergey Narışkinlər keçirdiyi görüşlər barədə məlumatlandırıb.

 

Nazir bildirib ki, Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.  Elmar Məmmədyarov Azərbaycanın I Avropa Oyunlarına hazırlığı barədə də danışıb, Avropa Oyunlarına ən böyük nümayəndə heyətinin Rusiyadan gələcəyinin sevindirici olduğunu deyib.

 

Dmitri Roqozin Bakıya səfər etməyi, Avropa Oyunları üçün tikilən idman obyektlərinə baxmağı planlaşdırdığını söyləyib. O, Rusiya Həndbol Federasiyasının prezidenti və Atıcılıq Federasiyası Şurasının sədri olduğunu qeyd edib. D.Roqozin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə sambonun Avropa Oyunlarının proqramına salınmasından məmnunluq ifadə edib.

 

Görüş zamanı Elmar Məmmədyarov və Dmitri Roqozin iki ölkə arasında sosial-iqtisadi əməkdaşlığa dair məsələlərin geniş spektrini müzakirə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv