Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin videogörüntüsü yayılıb
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Bakıda keçirilmiş döyüş atışlı birgə taktiki təlimlərinin yeni videogörüntüsü yayılıb.
APA TV Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunduğu birgə taktiki təlimlər keçirilib.
Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.
Təlimin ssenarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.