Ərdoğan "New York Times"ı əxlaqsızlıqda günahlandırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın məşhur "New York Times" qəzetini kəskin tənqid edib.
APA TV-nin məlumatına görə, Siyasət, İqtisadiyyat və Cəmiyyət Vəqfinin təşkil etdiyi tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan qəzetdə "Türkiyə üzərində qara buludlar" başlıqlı yazıya münasibət bildirib.
O, yazını "əxlaqdan kənar" adlandırıb: "Sən bir qəzetsən, həddini bilməlisən. Sən bunu yazmaqla, belə bir xəbər yaymaqla öz azadlıq çərçivəndən çıxırsan və Türkiyəyə müdaxilə edirsən. Sən kimsən? Sən ABŞ administrasiyasına qarşı bu edə bilərsənmi? Dərhal tədbir görərlər".
Qeyd edək ki, "New York Times"dakı yazıda Türkiyə hakimiyyəti tənqid olunmuş, bu ölkədə hüquq və azadlıqların məhdudlaşdırıldığı iddia edilmişdi.