Meksikada tornado fəlakəti: 13 ölü, 229 yaralı
Meksikanın ABŞ-la sərhədinin yaxınlığındakı Syudad-Akunya şəhərində baş verən tornado nəticəsində 13 nəfər həlak olub, 229 nəfər yaralanıb.
APA TV-nin beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, yüzlərlə bina təbii fəlakət nəticəsində dağılıb.
Qasırğa səhər saatlarda baş verib. Həlak olanlar cəmi 6 saniyədə qasırğa qurbanı olublar.
Meksika Daxili İşlər Nazirliyi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu bəyan edib. Koauila ştatında təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə operativ qərargah yaradılıb.
Rio-Qrande çayının əks sahilində, ABŞ-ın Texas ştatında yerləşən Del-Rio şəhəri də qasırğadan ziyan çəkib.
Tornado Syudad-Akunya şəhərində 750 evə zərər vurub, 50 ev darmadağın olub, 50 avtomobil dəmir yığınına çevrilib.
Meksika prezidenti Enrike Penya Nyeto fəlakətin yaşandığı şəhərə baş çəkib.