Tovuza güclü dolu yağıb, evlərə və təsərrüfatlara ziyan dəyib
Ötən gecə saat 15:00 radələrində Tovuz rayonun bir sıra kəndlərinə güclü dolu yağıb. APA TV-nin xəbərinə görə, əsasən rayonun Böyük Qışlaq, Catax, Qandallar, Həsənli, Kazımlı kəndlərində fəsadlar törədib.
Təxminən 15 dəqiqə davam edən yağıntı nəticəsində yerə 6-7 sm qalınlığında dolu düşüb. Böyük Qışlaq kənd icra nümayəndəsi Vilayət Həsənov bildirib ki, kartof, qarğıdalı, tərəvəz əkinləri buz qırıqlarının altında qalaraq yararsız hala düşüb. Bundan başqa, dolu meyvə ağaclarına da ziyan vurub, kəndlərdə təxminən 200-ə yaxın evin dam örtüyünü sıradan çıxarıb. Güclü küləklə müşahidə olunan doludan sonra yağış yağıb və nəticədə Qandallar kəndin ərazisindən axan çayın üzərindəki kiçik körpü uçub, iki evə isə su dolub.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları fəlakət olan kəndlərdə ziyanın aradan qaldırılması istiqamətində iş aparır, dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.