Con Makkeyn: "ABŞ-ın Yaxın Şərqlə bağlı strategiyasını puç hesab edirəm"

ABŞ-da dövlətin Yaxın Şərq və İŞİD-lə bağlı siyasətinə qarşı səslənən tənqidlər intensiv xarakter alıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu yaxınlarda Vaşinqtonun başçılıq etdiyi koalisiya qüvvələrinin terrorçuları bombalamasına baxmayaraq, onlar antik Palmira şəhərinə nəzarəti ələ keçirə biliblər və dünyanın mədəniyyət incilərindən sayılan bu şəhər dağıdılmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

 

Bundan əlavə, terrorçular zəbt etdikləri əraziləri daha da genişləndirir və kütləvi qətllər törətməkdə davam edirlər. Onların əlində çoxlu sayda mülki əhali girov qalıb.

 

Prezident Barak Obamaya qarşı hər zaman tənqidi fikirlər səsləndirən ABŞ-ın Müdafiə komitəsinin rəhbəri Con Makkeyn bu dəfə məsələyə daha sərt münasibət bildirib. "Mən, ümumiyyətlə, ABŞ-ın bölgə ilə bağlı strategiyasını puç hesab edirəm. Əgər kimsə mənə Ağ Evin Yaxın Şərqlə bağlı hansısa işlək mexanizmlər həyata keçirdiyini desə, mənim ona cavabım yalnız bu olar: bəs mən niyə bunu görmürəm? Biz Palmira və İŞİD-in tutduğu digər ərazilərdə dəhşətli qətllər törətdiyi barədə yeni məlumatlar əldə etmişik, Barak Obama isə bəyan edir ki, ABŞ-ın ən böyük məqsədi bölgədə iqlimi dəyişməkdir" - deyə, Makkeyn əlavə edib.

 

Bu arada Pentaqon rəhbəri Eşton Karter İŞİD-in bu qədər güclənməsini İraq ordusunun zəif olması ilə əlaqələndirib. O bildirib ki, İraq hərbçilərinin döyüşmək arzusu yoxdur. Hərbçilərin şiə könüllülərindən yardım aldıqları da bəllidir. Bu isə İraqın sünni əhalisi tərəfindən o qədər də yaxşı qarşılanmır. Həmin könüllüləri İran dəstəkləyir və onlar İraqın əsasən şiə əhalisinə Kərbəla şəhəri yaxınlığında təlimlər keçirlər.

Müəllif | Apa.Tv
Apa.tv